Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi
Aprelin 4-də Sumqayıt Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi.
Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.
Müsabiqədə tələbələrimiz incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdirdilər. Tələbələrin müxtəlif sahələr üzrə -ifaçılıq, rəqs, bədii qiraət, aşıq havalarını ifaetmə bacarıqları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.
İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirildi.
Müsabiqənin sonunda münsiflər heyəti iştirakçılara təklif və tövsiyələrini verdi, tələbələrə uğurlar arzulayaraq, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo