Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, istər əhatə dairəsinə, istərsə də bu sahədə çalışan insanların sayına görə təhsil Azərbaycanda ən böyük sosial institutlardan birini təşkil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”.
E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.
Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.